MƏDƏNİYYƏT
Bakıda “Vitya dayı və dostlarının televiziya macəraları” musiqili tamaşası göstəriləcəkdir
Bakı, 20 mart (AZƏRTAC). Martın 22-də, 23-də və 24-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Bakıda ilk dəfə, məktəblilərin yaz tətili günlərində və Novruz bayramında uşaqların sevimlisi Vitya dayı - “Gecəniz xeyrə qalsın, uşaqlar!” (“Spoykoynoy noçi, malışi”) proqramının aparıcısı, Rusiyanın Dövlət mükafatı laureatı, Rusiyanın “Qızıl qartal” elm və incəsənət kinomükafatı laureatı, məşhur aktyor Viktor Bıçkov və “Karlo ata” prodüser mərkəzi “Vitya dayı və dostlarının televiziya macəraları” musiqili tamaşasını təqdim edəcəklər.
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, tamaşada “Gecəniz xeyrə qalsın, uşaqlar!” proqramının aparıcısı - Vitya dayı (aktyor Viktor Bıçkov), Reklama Reklamovna (Klava xala) - Sank-Peterburqdan olan tanınmış aktrisa, “Aktyorlar” məşhur kloun kollektivinin iştirakçısı Natalya Paraşkina, eləcə də Rusiya televerilişinin ulduzları -Xryuşa, Stepaşka, Filya, Karkuşa və Mişutka iştirak edirlər.
Bu, nəinki uşaqlar üçün, hətta “Gecəniz xeyrə qalsın, uşaqlar!” proqramına baxaraq böyümüş valideynlərin, nənə və babaların bütöv nəsli üçün qeyri-adi hədiyyədir.