İQTİSADİYYAT
Bakıda “Xankəndi” poçt şöbəsi açılmışdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrın 8-də Ümumdünya Poçt İttifaqının yaranmasının 137-ci ildönümü münasibətilə paytaxtın Nəsimi rayonu ərazisində Xocalı Rayon Rabitə Qovşağının “Xankəndi” poçt şöbəsi istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyi, Milli Məclisin Xankəndi şəhərindən, Xocalıdan olan deputatları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev ölkə başçısının diqqət və qayğısı sayəsində son illər respublikada poçt sahəsinin dinamik inkişaf etdiyini və sektor üzrə davamlı islahatların həyata keçirildiyini bildirmiş və əldə olunan nailiyyətlər barədə məlumat vermişdir. Q.Bəybalayev qeyd etmişdir ki, Xankəndi poçt şöbəsi 20 illik fasilədən sonra öz fəaliyyətini yenidən bərpa etmişdir. Bu isə poçt işçiləri ilə yanaşı, bütün xalqımız üçün əlamətdar hadisədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) aparatının rəhbəri Vidadi Zeynalov son illər ölkəmizin poçt və telekommunikasiya sistemlərində əldə edilən uğurlardan danışmışdır. Bildirmişdir ki, son 8 ildə poçt sektoru 3,1 dəfə genişlənmiş, orta illik artım tempi 21 faiz təşkil etmişdir. MDB məkanında ilk dəfə olaraq poçt sahəsində bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanmışdır.
“Azərpoçt” MMC-də korporativ idarəetmə strukturu yaradılmış, poçt şəbəkəsi avtomatlaşdırılmış və “Azərpoçt” bank sektorunun əsas iştirakçılarından birinə çevrilmişdir.
Vidadi Zeynalov Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Azərbaycan poçtuna da külli miqdarda ziyan dəydiyini, yüzlərlə poçt filiallarının və şöbələrinin dağıdıldığını bildirmişdir. Qeyd etmişdir ki, bu gün qaçqın və məcburi köçkün rayonlarının rabitə qovşaqları məskunlaşdıqları yerlərdə öz fəaliyyətlərini davam etdirirlər. Məlum hadisələrlə əlaqədar hazırda işğal altında olan Xankəndi Rabitə Qovşağının fəaliyyətini müvəqqəti təmin etmək məqsədilə ilkin olaraq Xocalı Rabitə Qovşağının nəzdində Bakıda “Xankəndi” poçt şöbəsinin yaradılmasına qərar verilmişdir. Şöbənin veb- səhifəsinin yaradılması da nəzərdə tutulmuşdur. İnternet vasitəsilə siyasi həqiqətlər və Dağlıq Qarabağ reallıqları dünya ictimaiyyətinə çatdırılacaqdır.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları Flora Qasımova və Elman Məmmədov “Xankəndi” poçt şöbəsinin açılışının əhəmiyyətini qeyd etmişlər. Barat və bağlamaların yeni poçt şöbəsinə verilmiş “AZ2600” indeksi ilə Azərbaycandan xaricə göndərilməsinin siyasi əhəmiyyətini vurğulamışlar.
Tədbirdə xidməti işində fərqlənən poçt işçiləri RİTN tərəfindən mükafatlandırılmışlar.
Sonda poçt şöbəsinə ictimai baxış olmuşdur.