İQTİSADİYYAT
Bakıda xarici sektorun statistikasının təkmilləşdirilməsi üzrə beynəlxalq seminar keçirilir
Bakı, 28 iyun, AZƏRTAC
İsveçrə hökumətinin maliyyə dəstəyi, Beynəlxalq Valyuta Fondunun statistika departamentinin və Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Qırğızıstan və Tacikistan nümayəndələrinin iştirakı ilə “Xarici sektorun statistikasının təkmilləşdirilməsi” mövzusunda beynəlxalq seminar keçirilir.
Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirə sessiyalarında müvafiq ölkələrin mərkəzi banklarının, maliyyə nazirliklərinin, dövlət statistika və gömrük komitələrinin nümayəndələrinin birgə iştirakı ilə xarici sektorun statistikasının (tədiyyə balansı, xarici borc və beynəlxalq investisiyalar balansı statistikası) tərtibində praktiki və nəzəri metodoloji məsələlər ətraflı müzakirə olunur.
Seminarı əhatə edən mövzular ölkənin tədiyyə balansı və beynəlxalq investisiyalar mövqeyi statistikasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Seminar iyulun 1-dək davam edəcək.