MƏDƏNİYYƏT
Bakıda yeddinci dəfə şairlər günü qeyd edilib
Bakı, 5 iyun, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində yeddinci dəfə şairlər gününə həsr olunmuş ədəbi-bədii, musiqili gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə reallaşıb.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Həmçinin görkəmli şair və yazıçılarımızın da məzarları ziyarət olunub.
Sonra tədbir Beynəlxalq Muğam Mərkəzində davam edib.
Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran, Rusiya, ABŞ və İsraildən gəlmiş qonaqların, həmçinin ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirə dövlət himninin səslənməsi ilə başlanılıb.
Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza çıxış edərək şairlər günü haqqında məlumat verib. Bildirib ki, istedadlı nakam şairimiz Mikayıl Müşfiqin doğum günündə qeyd olunan bu ənənəvi mərasim bir poeziya bayramına çevrilib. Bildirib ki, yeddi ildir dünyanın bir çox ölkələrindən bu bayramda iştirak etmək üçün nümayəndələr təşrif gətirirlər.
Xəyal Rza deyib ki, artıq 3 ildir şairlər günündə bu tarixdə doğulan Nurəngiz Gün, Xalq Şairi Vaqif Səmədoğlunun da xatirələri yad edilir. Bu dəfə tədbir çərçivəsində Xalq Şairi Məmməd Arazın xatirəsi anılacaq.
Ötən illərdən fərqli olaraq, bu il regionlarda da şairlər gününün keçiriləcəyini söyləyən X.Rza iyunun 7-də Beyləqanda, iyunun 8-də Şabranda da bu günün qeyd olunacağını bildirib.
AYB-in sədri, Xalq Yazıçısı Anar çıxışında, həm Mikayıl Müşfiqin, həm Vaqif Səmədoğlunun, həm də Məmməd Arazın dövrün zərbələrinə mətanətlə duruş gətirdiklərini, əzmlə yazıb-yaratdıqlarını bildirib. Bu əlçatmaz sənətkarların xatirəsinə göstərilən ümumxalq məhəbbətindən, gənclərin, məktəblilərin onlara ehtiramından danışıb.
AYB-in sədrinə İLESAM-ın fəxri diplomu təqdim olunub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli M.Araz poeziyasının xəlqi olduğu qədər də bəşəri xarakter daşıdığını bildirib. O, M.Arazı ötən əsrin 70-ci illərinin milli istiqlal şairi adlandırıb. XX əsr Azərbaycan ədəbiyyatında xüsusi yeri olan unudulmaz şairin yaradıcılığına ulu öndər Heydər Əliyevin xüsusi qiymət verdiyini söyləyib. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə şairin yubileylərinin təntənəli şəkildə keçirildiyini bildirib.
Milli Məclisin deputatı Qənirə Paşayeva şairlər gününün əhəmiyyətindən danışıb. O, M.Müşfiq və M.Arazın yaradıcılıq məziyyətlərindən, Azərbaycan ədəbiyyatının inkişafına verdikləri töhfələrdən söz açıb.
Sonda ona da İLESAM-ın fəxri diplomu təqdim olunub.
Azərbaycan və Türk dünyasının ortaq mədəniyyətləri paylaşdığını deyən İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız hər kəsi ilhama gətirən bu gündə öz şeirini tamaşaçılara ərməğan edib.
Tədbirdə şairlər gününə qonaq gəlmiş şairlər - Bilal Dilsiz, Mehmet Kundab, Yasmin Korkut, Arzu Kabuqçu, Yadigar Sarı, Durak Turan Üz, AYB-in üzvləri Seyran Səxavət, Qəşəm Nəcəfzadə və başqaları şeirlərini oxuyublar.
Sonra “Mikayıl Müşfiq” mükafatının növbəti təqdimatı keçirilib.
Mükafata “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, “Azərbaycan” jurnalının şöbə müdiri Qəşəm Nəcəfzadə və AYB-in Gəncə bölməsinin rəhbəri Xəzangül layiq görülüblər.
Sonda tədbir ədəbi-bədi proqramla davam edib.