İQTİSADİYYAT
Bakıda yenilənmiş “Range Rover Evoque”un təqdimatı keçirilmişdir
Bakı, 13 dekabr (AZƏRTAC). “Land Rover” və “Jaguar” avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəliyi olan “Crystal Motors” şirkəti Bakıda yenilənmiş “Range Rover Evoque” avtomobilinin təqdimatını keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Crystal Motors”un satış şöbəsinin müdiri Adil Axundov müasir dizayn, texnologiyalar və yol keyfiyyətlərinin yeni brenddə birləşdiyini bildirmişdir. Bu, modelin tarixi boyu buraxılmış və həqiqətən möhtəşəm görünüşü olan ən rahat, yüngül və qənaətli “Range Rover”dir. “Land Rover Terrain Response” sistemli “Range Rover Evoque”, şübhəsiz, bu qəbildən olan avtomobillər arasında istənilən hava şəraitinə və müxtəlif örtüklü yollara da yaxşı uyğunlaşdırılmışdır. Bundan əlavə, avtomobilin zəngin təchizatına ikili təsvirli 8 düymlu sensorlu displey və dairəvi müşahidə kamerası da daxildir.
“Crystal Motors”un servis mərkəzi “Land Rover” avtomobillərinin sahiblərinə uyğun qiymətlərlə ən yüksək xidmətə zəmanət verir.