İDMAN
Bakıda yeniyetmələr arasında sərbəst güləş üzrə 17-ci Beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmələr arasında sərbəst güləş üzrə 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş 17-ci Beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin bayraqları meydana gətirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi Azərbaycan idmançıları 2013-cü ildə mötəbər yarışlarda 782 medal qazanmışlar. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirmişdir ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olmuşdur. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov yarışın əhəmiyyətini yüksək qiymətləndirmiş, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışmışdır. O, idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir konsert proqramı ilə davam etmişdir.
Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də birincilik uğrunda mübarizə aparırlar.