İDMAN
Bakıdakı yeni veloparkda iməcilik keçirilmişdir
Bakı, 16 mart (AZƏRTAC). Martın 16-da Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Səbail rayonundakı Şıx çimərliyi ilə üzbəüz ərazidə salınan velosiped parkında iməcilik keçirilmişdir.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, iməciliyə Federasiyanın rəhbərliyi, fəalları, velosiped idmanının həvəskarları da qoşulmuşlar.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə keçən əsrin 70-ci illərində salınmış bu park sonradan baxımsız qaldığından buradakı ağacların çoxu qurumuş, ərazi bərbad hala düşmüşdü.
Azərbaycan Velosiped İdmanı Federasiyası Səbail Rayon İcra Hakimiyyətinin razılığı ilə yeni veloparkın yaradılması məqsədilə qısa müddətdə ərazidə ciddi yenidənqurma işləri aparmışdır. Artıq burada 20 mindən çox eldar şamı, sərv ağacı, və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir.
Parkda ümumi sahəsi 40000 kvadratmetr olan köhnə və yeni salınmış sərt döngəli yollar asfaltlanmağa başlanmış, dağ velosiped idmanının (mountain bike) inkişafı üçün 5 kilometr uzunluğunda xüsusi yollar çəkilmişdir.
Burada velosiped yarişlarının açılış və bağlanış mərasimlərinin keçirilməsi üçün meydança yaradılmış, gələcəkdə ərazidə müxtəlif idman qurğularının yerləşdirilməsi də nəzərdə tutulur.
Bütün bunlar veloparkda həm peşəkar velosiped yarışlarının, həm də təlim-məşq toplanışlarının keçirilməsinə, habelə Bakı sakinlərinə burada müxtəlif idman növləri, yaxud ailəvi fəal istirahətlə məşğul olmaq imkanı verəcəkdir.
Bu dəfəki aksiya zamanı da parkda yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmiş, ərazidə yeni ağaclar əkilmiş, zəruri abadlıq işləri görülmüşdür. Bu xeyirxah təşəbbüsə 200-dən çox vətəndaş könüllü şəkildə qoşulmuşdur.
Veloparkın aprel ayında, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulur. Yenidənqurma işləri paytaxtın 3 əsas girişindən biri olan Salyan şosesinin ətrafına tamamilə yeni bir görkəm verəcək, şəhərə gələnlər bu ərazidəki gözəl mənzərədən xüsusi zövq ala biləcəklər.