İDMAN
“Baku Fires” boks komandası “Argentina Condors” kollektivini qəbul edəcəkdir
Bakı, 17 noyabr (AZƏRTAC). Noyabrın 17-də Ümumdünya Boks Seriyasının (WSB) 1-ci turu çərçivəsində Azərbaycanın “Baku Fires” və Argentinanın “Argentina Condors” klubları qarşılaşacaqlar.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək yarışda Qairbek Qermaxanov (54 kq, Azərbaycan) Alberto Ezequiel Melian (Argentina) ilə, Albert Səlimov (61 kq) İqnasio Perrinlə, Heybulla Mürsəlov (73 kq) Xuan Valesko ilə, Ramazan Məhəmmədov (85 kq) Facundo Nahuel Simalla və Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) isə Maksimiliano Alexandro Sosa ilə qarşılaşacaqdır.
“Baku Fires” klubunun heyətində rusiyalı dünya və Avropa çempionu Albert Səlimov debüt edəcəkdir. Bu, həm də A.Səlimovun WSB liqasında ilk döyüşü olacaqdır. Komandamızın heyətində ötən mövsüm WSB liqasının fərdi yarışlarının qalibi olmuş Qairbek Qermaxanov və Ramazan Məhəmmədov da rinqə çıxacaqlar.
Qeyd edək ki, Argentina klubu WSB liqasına bu mövsümdən etibarən qoşulmuşdur. Qrupumuzun digər görüşlərində noyabrın 16-da “Mexico Guerreros” (Meksika) “Poland Hussars” (Polşa) klubunu qəbul edəcəkdir. Noyabrın 18-də isə “Dinamo” (Moskva) Əlcəzairin “Desert Hawks” komandası ilə qarşılaşacaqdır.