İQTİSADİYYAT
“BakuBus” avtobuslarında unudulan əşyalar sahiblərinə təhvil verilir
Bakı, 10 sentyabr, AZƏRTAC
Avqustda “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 8 çanta, 8 açar, 7 pulqabı, 2 mobil telefon, 1 ədəd qovluq, bir kitab və bir qeyd dəftəri sahiblərinə təhvil verilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, sahiblərinə çatdırılması üçün 4 şəxsiyyət vəsiqəsi, 1 sürücülük vəsiqəsi, bir dövlət sosial sığorta şəhadətnaməsi və bir oxucu kartı “Poçtap” xidmətinə təqdim olunub. Həmçinin, 9 eynək, 7 pulqabı, 4 mobil telefon, 4 açar, 3 müxtəlif kart, 1 qovluq, bir boyunbağı, bir sırğa və bir çətir Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.
Sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə “www.alo141.az” saytından məlumat əldə etmək mümkündür. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.
“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.