İQTİSADİYYAT
“Bakutel 2013” sərgisi çərçivəsində “İnformasiya-kommunikasiya texnologiyaları ili” qeyd olunacaqdır
Bakı, 27 noyabr (AZƏRTAC). Dekabrın 2-dən 5-dək Bakıda keçiriləcək “BakuTel-2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə olunan nailiyyətlər nümayiş etdiriləcəkdir.
“Iteca Caspian LLC” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın 25-dən çox ölkəsindən, o cümlədən Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən 269 şirkətin sərgidə iştirakı gözlənilir. Ənənəvi olaraq, aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distributorları sərgidə çıxış edəcəklər. Builki sərginin fərqləndirici cəhəti çoxsaylı milli stendlərin iştirakı olacaq və bu stendlər sərgidə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) fəal dəstəyi ilə iştirak edirlər. Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və bir sıra digər ölkələrin milli stendləri də sərgidə geniş şəkildə təqdim olunacaqdır. Əfqanıstan, İtaliya, İraq və ABŞ-dan olan milli qruplar isə tədbirdə ilk dəfə iştirak edəcəklər.
Bu il “BakuTel” sərgisinin baş sponsoru sərginin daimi iştirakçısı, habelə informasiya texnologiyaları sahəsində ən böyük ABŞ-ın “HP” şirkətidir.
Sərgidə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi, Azərbaycanın kosmik sənayesi və Azərbaycanda informasiya texnologiyaları texnoparkının yaradılması layihəsi öz əksini tapacaqdır. Bu il Azərbaycanda vüsət alan “startup” hərəkatına böyük diqqət yetirmək nəzərdə tutulmuşdur və Bakı Sərgi Mərkəzində onların təqdimatı üçün xüsusi olaraq ayrılmış zonalardan əlavə, “Azərbaycanda milli startupların dəstəklənməsi” mövzusunda konfrans keçiriləcəkdir.
Bu il sərgi təkcə iştirakçıların sayına görə deyil, həm də sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin sayına görə zəngin olacaqdır. Tədbirlər sırasında “İnternetin inkişafı”, “Kibertəhlükəsizlik”, “İnternetin Azərbaycanda təkamülü və regional inkişafı” mövzularında müxtəlif seminar və konfranslar, “TASIM” konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, “Azərbaycan-ABŞ” İKT forumu, BMT-nin Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyasının “SPECA” layihəsinin işçi qrupunun “Biliyə əsaslanan iqtisadiyyatın inkişafı” mövzusunda iclasları, Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar olan tədbir yer alacaqdır .“BakuTel” sərgisinin mühüm tədbirlərindən biri Dünya Azərbaycanlılarının I Virtual Konfransı olacaqdır. Sözügedən tədbirlər çərçivəsində bu sahənin beynəlxalq strukturları ilə bir sıra memorandumlar imzalanacaqdır.
Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə əlaqədar olaraq, sərgidə ziyarətçi və iştirakçılar üçün xüsusi proqram nəzərdə tutulmuşdur. Bakı Sərgi Mərkəzinin ziyarətçiləri və sərgi iştirakçıları üçün sürpriz, müsabiqə və viktorinalar hazırlanmışdır.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sərginin inkişafında və təşəkkül tapmasında mühüm rol oynamışdır və uzun illərdir ki, “BakuTel” sərgisinə dəstək göstərir. “BakuTel” sərgisinin beynəlxalq nüfuzu bu sahə üzrə beynəlxalq təsisatların, BMT-nin, Beynəlxalq Elektron Rabitə İttifaqının və Regional Rabitə Birliyinin dəstəyi, habelə Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunur.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər.