MƏDƏNİYYƏT
Balaca rəssamın özünəməxsus rəng dünyasından bəhs edən sərgi açılmışdır
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 3-də İçərişəhərdəki “Abşeron” rəsm qalereyasında kiçik yaşlı rəssam Məhəmməd İsmayılovun yaradıcılığına həsr olunmuş sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, 66 əsərin nümayiş olunduğu bu sərgi M.İsmayılovun uşaq yaradıcılığına maraq göstərənlərə ikinci hesabatıdır.
Tədbirdə çıxış edən Xalq Rəssamı Arif Hüseynov, sənətşünas, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, qalereyanın direktoru Eldəniz İbrahimov və başqaları M.İsmayılovun özünəməxsus sənət dünyasından söz açmışlar.
Bildirilmişdir ki, sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti müxtəlif texnikalarda - sulu boya, quaş, pastel, flomaster, tuş, qələm, karandaşla, habelə qarışıq texnikada işlənmiş qrafika nümunələridir. Ekspozisiyanı həm də 3 vitraj bəzəyir.
Azərbaycanın ən istedadlı balaca rəssamlarından olan Məhəmməd İsmayılovun əsərləri dəfələrlə nüfuzlu respublika sərgilərinin, həm də xarici ölkələrdə keçirilmiş sərgilərin ekspozisiyasını bəzəmişdir.
Diqqətə çatdırılmışdır ki, M.İsmayılov rəsm çəkməyə hələ 5 yaşından başlamış, əvvəllər təcrübəli pedaqoq Rəhilə Məmmədzadənin başçılığı altında mərkəzi məktəblilər sarayının rəsm dərnəyində təsviri sənətlə məşğul olmuşdur. 2009-cu ildə “Abşeron” rəsm qalereyası onun nağılabənzər rəsmləri əsasında “Məhəmmədin nağılları” kitabçasını hazırlamış və kütləvi tirajla nəşr etdirmişdi. Həm kitabça, həm də balaca rəssamın nağıl rəsmləri sənətsevərlərin diqqətini cəlb etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Məhəmməd İsmayılov tanınmış pedaqoq Dilarə Atakişiyevanın studiyasına qəbul edilmişdir. Bir ildən artıqdır ki, “Da-ART” studiyasında təsviri sənətin sirlərini öyrənən balaca istedadın yaradıcılığında yeni mərhələnin başlandığı hiss olunmaqdadır. 11 yaşlı M.İsmayılovun yaradıcılığı dəyişikliyə uğramış, xeyli təkmilləşmişdir. Balaca rəssam heç bir çətinlik çəkmədən öz yaradıcı təxəyyülünü realizə edir və kağız üzərində bir-birindən maraqlı nağıl kompozisiyaları yaradır.
Vurğulanmışdır ki, M.İsmayılovun yaradıcılığı “Abşeron” rəsm qalereyasının nəşr etdirdiyi “Təsviri sənətdə 100 çiçək” və “Azərbaycanın uşaq təsviri sənəti” kitablarında işıqlandırılmışdır.
Sonda sərginin açılmasında əməyi olan bütün insanlara minnətdarlığını bildirən Məmməd İsmayılov bundan sonra fırçasını daha maraqlı mövzularda sınağa çəkəcəyini söyləmişdir.
Sərgi aprelin 7-dək davam edəcəkdir.