MƏDƏNİYYƏT
Balacalar üçün “Ucadan oxu saatı” təşkil edilib
Bakı, 3 avqust, AZƏRTAC
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi balacalar üçün "Ucadan oxu saatı” təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təbirdə Binəqədi rayon 177 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanları və tərbiyəçi müəllimlər iştirak ediblər.
Uşaq şöbəsinin müdiri Səidə Sərdarova balacaları şöbə ilə yaxından tanış edib və kitabxana haqqında ətraflı məlumat verib. "Kitab insanın ən yaxın dostudur" mövzusunda balacalarla söhbət aparılıb. Qeyd edilib ki, hər birimiz kitabların dəyərini bilməli, onları sevməli, oxumalıyıq. Hər bir insan özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır. Kitab oxumaq dünya görüşümüzü genişləndirir, yeni fikirlər, məlumatlar qazanırıq, yeni sözlər öyrənirik, fantaziyamız inkişaf edir.
Balacalara şöbəyə yeni daxil olmuş müxtəlif uşaq ədəbiyyatları haqqında məlumat verilib, "Balaca buludun nağılı" kitabında yer alan "Acıqlı toplan" nağılı oxunub. Anlama-qavrama qabiliyyətini inkişaf etdirən bu nağıllarda uşaqların söz ehtiyatını artırmaq prinsipləri əsas götürülüb.
Daha sonra “Tap-tapmaca oyunu” təşkil olunub. Tapmaca qutusundan çıxan rəngarəng tapmacaları balacalar maraqla cavablandırıb. Müxtəlif mövzularda atalar sözləri oxunub.
Balacalar Vətən mövzusunda şeirlər söyləyib, müxtəlif rəsmlər çəkiblər.
Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Mehriban Mövsümova balacaları kitabxanada Şuşa mövzusunda yaradılan guşədə yer alan məktəblilərin əl işləri ilə yaxından tanış edib və ətraflı məlumat verib.
İnformasiya resurs şöbəsində balacalar üçün "Cizgi saatı" təşkil olunub. Kitabxanadan bəhs olunan "Balaca ev" cizgi filmi nümayiş olunub.