REGİONLAR
Balakən rayonunda 2 min hektardan çox sahədə tərəvəz əkininə başlanılıb
Balakən, 10 mart, AZƏRTAC
Balakən rayonunun şəxsi təsərrüfatlarında faraş tərəvəz əkininə başlanılıb.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tərəvəzçilik rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən, kənd əhalisinin əsas gəlir mənbələrindən biri hesab olunur. Əvvəlki illərdə olduğu kimi, bu il də məhsul istehsalçıları faraş tərəvəz əkininə böyük maraq göstərirlər. 2014-cü ildə torpaq sahibləri 2 min 22 hektar tərəvəz sahəsindən 22 min tondan çox məhsul əldə ediblər. Bu il tərəvəz əkini sahələrinin 2 min hektardan artıq olacağı gözlənilir. Hazırda təsərrüfatlarda tərəvəz şitillərinin sahələrə köçürülməsi davam edir.
Rayonda, eyni zamanda, yaz-tarla işlərinə də ciddi hazırlıq işləri görülür. Yaxın vaxtlarda təsərrüfatlarda qarğıdalı, kartof və digər yazlıq bitkilərin əkininə başlanılacaq.