CƏMİYYƏT
Balakəndə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər müzakirə edilib
Bakı, 9 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Akademik Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbində “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxışlar zamanı multikulturalizmin xalqımızın həyat tərzinin bir hissəsi olduğu, ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı qeyd olunub, məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər, dini təəssübkeşlik, ekstremizm və radikalizmlə mübarizənin zəruriliyi vurğulanıb. Həmçinin bu mübarizədə cəmiyyət olaraq hər bir fərdin üzərinə düşən öhdəliklərə diqqət çəkilərək, təhsilə yiyələnmək, öz hüquqlarını bilmək, düzgün dini bilgilərə malik olmaq, milli-mənəvi, tolerant dəyərlərimizə bağlılığın cəmiyyətin sağlam gələcəyinin təminatçısı olduğu diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.