REGİONLAR
Balakəndə mini futbol üzrə turnirdə 15 komanda mübarizə aparır
Balakən, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Olimpiya İdman Kompleksində Dövlət Müstəqilliyi Gününə həsr olunan mini futbol üzrə turnirə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Balakən rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi, Olimpiya İdman Kompleksi və Gənclər Evinin birdə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 15 komanda mübarizə aparır.
Turnirin açılış mərasimində Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov çıxış edərək, respublikamızda idman sahəsinə göstərilən yüksək dövlət qayğısından danışıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. Bildirilib ki, ənənəvi olaraq hər il keçirilən futbol turniri rayonda idmanın kütləviliyini daha da artırmaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq məqsədi daşıyır.
Turnirə oktyabrın 20-də yekun vurulacaq.