REGİONLAR
Balakənli fermerlər indiyədək emal məntəqəsinə 100 tondan çox yaşıl tütün təhvil veriblər
Balakən, 7 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun təsərrüfatlarında 535 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 475 hektar sahədə “Virciniya” növlü ətirli, 60 hektar sahədə “Berley” və yerli tütün sortları yetişdirirlər. Bir neçə gündür ki, təsərrüfatlarda “Virciniya” növlü ətirli tütünün yığımına başlanılıb. Fermerlər istehsal etdikləri yaşıl tütünü qurutmaq üçün hələlik “Azərtütün” MMC-nin Zaqatala rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə göndərirlər. Balakənli fermerlər indiyədək məntəqəyə 105 ton “Virciniya” növlü ətirli tütün təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, balakənli fermerlərin işini asanlaşdırmaq üçün rayonun Hənifə kəndinin ərazisində ümumi gücü 540 ton olan 60 tütünqurutma kamerasından ibarət emal məntəqəsinin yaradılması istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. Məntəqə istifadəyə verildikdən sonra balakənli fermerlər yetişdirdikləri yaşıl tütünü qurutmaq üçün artıq bu məntəqəyə təhvil verəcəklər. Bu isə, öz növbəsində, fermerlərin işini xeyli asanlaşdıracaq, vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq.
Turan Dibirovun bildirdiyinə görə, Talalar kəndindən fermer İmran Cumayev indiyədək Zaqataladakı qəbul məntəqəsinə 31 ton, Qazma kəndindən Ceyhun Tahirli - 19 ton, Kortala kəndindən Ramazan Xənmədov isə 17,5 ton yaşıl tütün kütləsi təhvil veriblər.