CƏMİYYƏT
Balaxanı qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəbəkə ifşa edilib VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini Elxan Səfərzadə narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində axtarış keçirilən zaman bir büküm şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı E.Səfərzadəyə narkotik maddəni satanın kimliyi də aydınlaşdırılıb. Məlum olub ki, o, heroini Yuri adlı şəxsdən alıb. Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini Yuri Babayev də saxlanılaraq istintaqa təqdim olunub.
Bölmə əməkdaşları narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdiriblər. Müəyyən olunub ki, Y.Babayevə heroin Balaxanı qəsəbə sakini Əzim Əzimov tərəfindən satılıb. Həmin şəxs də polislər tərəfindən saxlanılaraq bölməyə gətirilib. Ə.Əzimovun üzərində şəxsi axtarış aparılan zaman cibindən qablaşdırılmış formada satış üçün nəzərdə tutulan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.