BALÇİK BOTANİKA BAĞI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varna hava limanından maşın karvanının müşayiəti ilə birbaşa Qara dənizin sahilində yerləşən Balçik şəhərinə gəlmişdir.
Kompleksin müdiri Trifan Dimitrov Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı ehtiramla qarşıladı.
2500 ildən çox tarixi olan Balçik kurortu Varnanın 40 kilometrliyində, mənzərəli ərazidə yerləşir. Şəhər dəniz iqlimi, termal suları və qızıl gülü ilə məşhurdur. Lakin Balçikin ən görməli yeri şəhərin mərkəzindən 1,5 kilometr aralıda yerləşən, Şərq və Avropa memarlığı üslubunda tikilmiş saraydır. 1931-38-ci illərdə Rumıniya kraliçası Mariyanın iqamətgahı olmuş üçmərtəbəli sarayın üstündə minarə ucaldılmışdır. Sarayda hər iki memarlıq üslubunun olması xristian və islam dinlərini yaxınlaşdırmağa çalışan kraliçanın dini baxışlarını əks etdirir.
Vaxtilə Rusiya imperiyasına, sonra isə Rumıniyaya məxsus olan bu ərazini Rumıniya SSRİ-nin təzyiqi ilə 1940-cı ildə Bolqarıstana vermişdir.
Cənab Dimitrov dövlətimizin başçısına məlumat verərək dedi ki, Botanika bağının salınmasına 1926-cı ildə Rumıniya kraliçası Mariyanın təşəbbüsü ilə başlanmış və bu iş 10 il davam etmişdir. Sarayın ətrafındakı 300 hektarlıq ərazi hündürlüyünə görə ikisəviyyəlidir. 196 hektarlıq sahədə məşhur Botanika bağı yerləşir. Burada dünyanın hər yerindən gətirilmiş 600-dən çox nadir bitki var. Qalan ərazi üzüm, meyvə bağları və istirahət zonasından ibarətdir.
Prezident İlham Əliyev və xanımı Botanika bağı ilə tanış oldular. Burada istirahət edən turistlər dövlətimizin başçısına yaxınlaşıb onunla səmimi salamlaşırdılar.
Prezident İlham Əliyev sarayla da tanış oldu, ayrı-ayrı otaqlara, kraliça Mariyanın fotoşəkillərinə, istifadə etdiyi məişət əşyalarına baxdı. Bildirildi ki, bura vaxtilə məscid, sonra kilsə kimi fəaliyyət göstərmişdir. İnsanlar istək və arzularına çatmaq üçün burada dua etmişlər.
Azərbaycan Prezidentinə xatirə olaraq fotoalbom hədiyyə edildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bağdakı şəlalənin qarşısında xatirə şəkli çəkdirdilər.
Sonra Prezident İlham Əliyev həmin şəhərdə, Qara dənizin sahilində yerləşən Qızılqum istirahət zonasına gəldi. Buraya dünyanın müxtəlif ölkələrindən turistlər gəlirlər və bu da təsadüfi deyildir. Çünki bura təmiz havası olan və gözəl, səliqə-sahmanlı istirahət zonalarından biridir.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva avtomobillə bütün istirahət zonasını gəzdilər.