İDMAN
“Baltika” komandası Bakıda polo üzrə dünya kuboku yarışlarının qalibi olmuşdur
Bakı, 9 sentyabr (AZƏRTAC). Bakıdakı “Elite Horse Club”da polo üzrə dünya kuboku yarışları başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, üçüncü yer uğrunda Böyük Britaniyanın “Bentli” və ABŞ-ın “Monblan” komandaları qarşılaşmışlar. Rəqibini 9:6 hesabı ilə məğlub edən “Bentli” komandası yarışları üçüncü pillədə başa vurmuşdur.
Həlledici görüşdə “Çopard” (Argentina) və “Baltika” (Avropa) komandaları üz-üzə gəlmişlər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 8:7 hesabı ilə “Baltika”nın xeyrinə yekunlaşmışdır.
“Polo Vətəninə qayıdır” şüarı altında keçirilən yarışda 8 komanda iştirak etmişdir. Bunlardan dördü - “Çopard” (Argentina), “Bentli” (Böyük Britaniya), “Monblan” (ABŞ) və “Baltika” (Avropa) peşəkar komandalardır.
Turnirdə Azərbaycanın yalnız yerli oyunçularından təşkil olunmuş “Qarabağ”, “Göyəzən”, eləcə də “Milla Qrin” və “Milla Vayt” kollektivləri də mübarizə aparmışlar.