ELM VƏ TƏHSİL
Banaras Hindu Universitetinin professoru BDU-da ustad dərsi keçib
Bakı, 31 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 Mart - Azərbaycan Respublikasında Elm Gününə həsr olunan tədbirlər planı çərçivəsində ustad dərsi keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Hindistanın Banaras Hindu Universitetinin professoru, yazıçı-publisist, bədii tərcüməçi Yaqub Yavər Şərqşünaslıq fakültəsinin regionşünaslıq (Pakistan üzrə) ixtisası üzrə tələbələrinə “Müasir urdu ədəbiyyatı və bədii tərcümə” mövzusunda mühazirə oxuyub.
Şərqşünaslıq fakültəsinin müəllimi Eldost İbrahimov BDU-nun və Şərqşünaslıq fakültəsinin tarixi və müasir dövrü haqqında urdu dilində məlumat verib.
Yaqub Yavər urdu ədəbiyyatı, Hindistan və Pakistanda fəaliyyət göstərən müasir şair və yazıçılar haqqında, eyni zamanda, dünya ədəbiyyatından urdu dilinə tərcümə olunmuş kitablardan danışıb.
Y.Yavər özünün tərcümə etdiyi kitablardan söz açaraq, bədii tərcümə işində qarşılaşdığı çətinliklərə diqqət çəkib. Professor tərcümə zamanı bədii tərcümə texnikalarından istifadə etməyin üstünlüyünü qeyd edib.
Dünya ədəbiyyatının ingilis dilində olan nümunələrinin urdu dilinə tərcüməçisi olan Yaqub Yavər Azərbaycan ədiblərinin də əsərlərinin bu dilə tərcümə edilməsi təklifi ilə çıxış edib. O, çalışdığı Hindistanın Banaras Hindu Universiteti ilə BDU arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.