İQTİSADİYYAT
Bank Olmayan Kredit Təşkilatları üçün onlayn təlim keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Mərkəzi Bankı (AMB), Bakı Fond Birjası (BFB), “ABB İnvest” investisiya şirkəti tərəfindən Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA-ya) üzv olan Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar) üçün onlayn təlim keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi mikromaliyyə sahəsində yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək, Bakı Fond Birjasında qiymətli kağızların listinqdə saxlanılması üstünlüklərini çatdırmaqdır.
Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və Bakı Fond Birjasında listinqə təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.
Qeyd edək ki, AMFA 2021-ci il sentyabrın 13-dən Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına tərəfdaş qismində qoşulub.