İQTİSADİYYAT
Bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər müzakirə olunacaq
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 23-24-də Bakıda keçiriləcək "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası" adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə dair məsələlər, bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, nağdsız ödənişlərin həcminin artırılması istiqamətləri, ödəniş xidmətləri bazarında aparılacaq islahatlar, banklarda komplayensin inkişafı məsələlərinin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsi məsələləri müzakirə olunacaq.
AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, forum dörd paneldən ibarət olmaqla "Xarici şokların təsirinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar", "Nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri", "Müasir bankçılıqda komplayens", "Bank sisteminin inkişafının hüquqi bazasının təkmilləşdirilməsi istiqamətləri" mövzularını əhatə edəcək.
Tədbirdə maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının üzvləri, ödəniş xidmətlərini göstərən təşkilatların, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, forum ABA və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə təşkil olunur.