İQTİSADİYYAT
Banklararası valyuta əməliyyatlarının 71 faizi “Blumberq”də qeydiyyatdan keçirilir
Bakı, 29 noyabr (AZƏRTAC). Cari ilin iyulundan Azərbaycanın banklararası valyuta bazarının “Blumberq” beynəlxalq informasiya-ticarət sisteminə qoşulmasından məqsəd bu seqmentin daha da inkişaf etdirilməsi üçün mütərəqqi əməliyyat meydanı yaratmaq idi.
Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan banklararası valyuta bazarının “Blumberq” beynəlxalq informasiya-ticarət sisteminə qoşulması nəticəsində mövcud 44 bankın 24-ü AZN üzrə ticarət sahəsində valyuta əməliyyatlarının hamısını “Blumberq”də qeydiyyata alır. Bu, ümumilikdə bütün valyuta əməliyyatlarının 71 faizi deməkdir. Bankların yeni ticarət sisteminə könüllü əsasda keçidi sistem iştirakçılarına AZN/USD valyuta məzənnələrinin dinamikasını, alğı-satqı əməliyyatlarının həcm indekslərini və orta çəkili valyuta məzənnəsini, valyutaya olan tələb və təklifi real zaman rejimində izləmək imkanı da verir.
Bakı Banklararası Valyuta Birjasında aparılan valyuta əməliyyatlarının həcmi dəyişməz qalaraq 8 faiz təşkil edir. Yeni ticarət meydanından istifadə əvvəllər telefon vasitəsilə həyata keçirilən valyuta əqdlərinin əksər hissəsinin şəffaflığını təmin etmişdir. Bununla yanaşı, iştirakçı banklar sistem tərəfindən əqdin təsdiqi ilə bağlı tərtib edilən yazılı təsdiqi əldə etmək, habelə “Blumberq” platformasının bankın tranzaksiya sisteminə inteqrasiyası vasitəsilə həyata keçirilmiş əqd üzrə bütün hesablaşma və uçot prosesini tam avtomatlaşdırmaq imkanı da əldə etmişdir. Bu isə öz növbəsində bank əməliyyatlarının səmərəliliyini artırmaqla əməliyyat riskini azaldacaqdır.