İQTİSADİYYAT
Bankların "Valyuta tənzimi haqqında" Qanunla bağlı təkliflərinə baxılıb
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasında (ABA) "Valyuta tənzimi haqqında" Qanun və Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na dair üzvlərin rəy və təkliflərinə baxılıb.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə üzv təşkilatlar tərəfindən bank müştərisi olan hüquqi və fiziki şəxslərin fəaliyyətini asanlaşdıracaq təkliflərin ilkin müzakirəsi aparılıb və iştirakçıların münasibəti öyrənilib. Sonda təkliflərin yenidən işlənilərək aidiyyəti qurumalara ünvanlanmasına qərar verilib.
İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-ya üzv təşkilatların nümayəndələri, ABA-nın "Hüquqi məsələlər üzrə" Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və "Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə" Ekspert Qrupunun sədri Zakir Kazımov iştirak edib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.