ELM VƏ TƏHSİL
BANM-in tələbələri “Neftçilər günü”nə həsr olunmuş layihə həyata keçiriblər
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “REDUCO” Təhsil Mərkəzinin dəstəyi, bu ali təhsil müəssisəsinin İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə 20 sentyabr - “Neftçilər günü”nə həsr olunmuş “İntellektual səfər” layihəsini həyata keçiriblər.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, Qəbələ şəhərinin Nic kəndində həyata keçirilən layihə çərçivəsində tələbələr arasında “Nə? Harada? Nə zaman?” formatda intellektual oyun, Azərbaycan Kub Assosiasiyasının təşkilatçılığı ilə 3x3 formatda “Rubik kubu” yarışı və “Dart oyunu” təşkil olunub. Oyunların sonunda qaliblər müəyyənləşib və onlara hədiyyələr təqdim edilib.
Oyunların nəticələrinə əsasən, “Nə? Harada? Nə zaman?” formatda intellektual oyunun qalibi “Trump”s team” komandası, “Rubik kubu” oyununun qalibləri Nicat İsmayılov (I yer), İbrahim Şərifov (II yer) və Vüqar Həsənov (III yer), “Dart oyunu”nun qalibləri isə Elmir Əbilov, Elçin Allahverdili və Hacalı Bayram olublar.