CƏMİYYƏT
Barəsində cinayət işi başlanan Saatlı rayon sakini polis əməkdaşları tərəfindən saxlanılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinə hədə-qorxu ilə tələb etmə barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad şəhər sakini olan qadın müraciətində ötən ilin avqustunda Saatlı rayon sakini F.Məhərrəmovun zəng edib onun və qohumlarının şəkillərini əldə etdiyini, sosial şəbəkədə yerləşdirib barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan 3800 manat məbləğində pul və 2000 manat dəyərində qızıl boyunbağısını aldığını, sentyabrın 18-də isə onun yaşadığı evə gələrək azyaşlı oğlunun boğazına bıçaq tutaraq polisə verdiyi şikayət ərizəsini geri götürməsini və bu məsələnin həll üçün yenidən 5 min manat verməsini tələb etdiyini bildirib. Lakin bu zaman səs-küy yarandığından F.Məhərrəmov hadisə yerini tərk edib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məhərrəmov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.