CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yollarda nəzarət tədbirlərini gücləndirib VİDEO
Bakı, 4 dekabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq, qəzaların və digər narahatlıqların baş verməməsi üçün yollarda nəzarət tədbirlərini gücləndirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, qeyd olunan istiqamətlərdə hərəkət edən avtomobillərin sürücüləri saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumatlar verilib, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyə olunub, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb.
Sürücülərin gedəcəkləri istiqamətlər üzrə yolun vəziyyəti operativ öyrənilərək, onlara bu barədə və daha təhlükəsiz hesab olunan alternativ yollardan istifadə barədə məlumatlar verilib.
Qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütəmadi həyata keçiriləcək.