CƏMİYYƏT
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Şahidi dindirmə müsabiqəsinin” final mərhələsi keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Gənc hüquqşünasların hüquqi biliklərinin artması, praktiki bacarıqlarının formalaşması, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluqda ardıcıl tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində oktyabrın 28-də Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşkil olunan, dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahidi dindirmə müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilib. Tədbirin davamı olaraq, noyabrın 5-də Elm-Tədris Mərkəzində ELSA tərəfindən təşkil olunan “Şahidi dindirmə müsabiqəsinin” final mərhələsi keçirilib.
Azərbaycanın müxtəlif universitetlərinin hüquq fakültələrində təhsil alan tələbələrinin iştirakı ilə keçirilən müsabiqənin ilkin və yarımfinal mərhələlərində qalib olmuş üç komanda müsabiqənin final mərhələsində iştirak edib.
Bu mərhələyə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru Çingiz Əli-zadə, İstintaq idarəsinin böyük prokuroru Anar Mirkişiyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı hakim qismində cəlb edilib və müsabiqə iştirakçılarının fəaliyyəti onlar tərəfindən qiymətləndirilib. Tədbirdə Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iştirak edib.
Əvvəlcədən hazırlanmış cinayət və cinayət-prosessual sahələr üzrə kazus əsasında iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla xəyali şahid arasında cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədi ilə həyata keçirilən dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan müsabiqənin sonunda qiymətləndirmə nəticəsində verilmiş yekun bala əsasən, qalib komanda müəyyənləşdirilib.
Tədbirin sonunda qalib komandanın üzvləri mükafatlandırılıb və onlara sertifikatlar verilib.
Eyni zamanda, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən müsabiqənin Baş Prokurorluqda keçirilməsinə kömək və şərait yaratdığına görə Baş prokuror Kamran Əliyevə təşəkkürnamə, habelə müsabiqəyə hakim qismində cəlb edilən Baş Prokurorluğun əməkdaşlarına sertifikatlar təqdim olunub.