CƏMİYYƏT
Baş Prokurorluq: Bir neçə rayonda ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işi başlanıb
Bakı, 23 iyun, AZƏRTAC
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, Salyan, Şəmkir və Ağcabədi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla qeyd edilən rayonların ərazilərində meşə fonduna aid olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 21 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (qanunsuz ağackəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.