CƏMİYYƏT
Baş Prokurorluqda mülki müdafiəyə dair tədbir keçirilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili baş idarəsinin təşkilatçılığı ilə Baş Prokurorluğun mərkəzi aparatında fəaliyyət göstərən idarələr üzrə rəis müavinlərinin iştirak etdiyi rəhbər heyətin mülki müdafiə məşqinə dair tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
FHN ilə razılaşdırılmaqla təsdiq edilmiş Baş Prokurorluğun 2022-ci il üçün mülki müdafiə üzrə tədbirlər planına müvafiq olaraq keçirilən tədbirin məqsədi fövqəladə hadisələr zamanı Baş Prokurorluğun rəhbər heyətinin funksional vəzifələrinin öyrənilməsi, əməkdaşların təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkilində praktiki vərdişlərin artırılması olub.
Tədbirdə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov çıxış edərək mülki müdafiənin təşkili məsələlərinin əhəmiyyətini vurğulamaqla prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən söz açıb.
Məşğələdə FHN-in Mülki müdafiə işinin təşkili baş idarəsinin əməkdaşları Kərim Rəhimov və Şəmsəddin Hüseynov mövzu ilə bağlı çıxış edərək fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması və insanların sağlamlığının qorunmasına yönəldilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilmiş qəza-xilasetmə təlimlərinin gedişini əks etdirən sənədli film nümayiş etdirilib.