İQTİSADİYYAT
Bayıl 20-ci yaşayış sahəsinin sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı işlərə başlanacaq
Bakı, 7 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Yaxın günlərdə Sovetlər dönəmində nizamsız, heç bir layihəyə uyğun olmadan özütikili evlərin çoxluq təşkil etdiyi, Səbail rayonunun digər ərazilərindən fərqli olaraq bir sıra kommunal problemlərin mövcud olduğu Bayıl 20-ci yaşayış sahəsinin sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı işlərə başlanacaq.
Bu barədə AZƏRTAC-a Səbail Rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri və sosial layihələr paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda da öz əksini tapır.
Bakı şəhərindən respublikamızın cənub-qərb istiqamətindəki əsas çıxış yolunun məhz buradan keçməsi ilə əlaqədar burada əsaslı yenidənqurma işləri tələb olunurdu. Bununla əlaqədar artıq respublikanın tanınmış memarlarından təşkil olunmuş iki qrup tərəfindən Bayıl 20-ci yaşayış sahəsində, buradan keçən Bibiheybət və Salyan şosesi boyunca ən müasir standartlar səviyyəsində yenidənqurma-abadlıq və quruculuq işlərinin layihələndirilməsi aparılır və işlər başa çatan kimi onların həyata keçirilməsinə başlanılacaq.
Nəzərdə tutulan işlər çərçivəsində həmçinin bu ərazilərdə ən çox ehtiyac duyulan içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, məhəllədaxili yolların təmiri və işıqlandırılması, burada tam yeni infrastrukturun yaradılması da nəzərdə tutulub.