İDMAN
Bayıl stadionunda 100-cü oyun keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Futbol üzrə Topaz Premyer Liqasının XXXI turu çərçivəsində mayın 13-də keçirilmiş “Sumqayıt”-“Xəzər-Lənkəran” oyunu Bayıl stadionu üçün əlamətdar olmuşdur.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, qeyd olunan qarşılaşma ilə Bayıl stadionunda keçirilmiş oyunların sayı 100-ə çatmışdır.
Bayıl stadionu AFFA tərəfindən inşa edilmişdir. Burada “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012”-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunmuşdur.
Hazırda Topaz Premyer Liqasında çıxış edən “Rəvan” və “Sumqayıt” komandaları ev oyunları zamanı bu stadiondan yararlanırlar. “Rəvan” klubunun əvəzedici heyəti, həmçinin müxtəlif yaş qruplarından ibarət komandalarının ev oyunları Bayıl stadionunda keçirilir.