CƏMİYYƏT
Bayram günlərində polis gücləndirilmiş rejimdə işləyəcəkdir VİDEO
Bakı, 27 dekabr (AZƏRTAC). Bayram günlərində Azərbaycan polisi gücləndirilmiş rejimdə işləyəcəkdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərzində tədbirlərin keçirildiyi, o cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunmasının təmin edilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalamışdır.
Əmrə əsasən, 2013-cü il dekabrın 31-dən 2014-cü il yanvarın 7-dək nazirliyin aparatının, ona bilavasitə tabe olan qurumların, ərazi polis orqanlarının, nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcəkdir.
Eyni zamanda, hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, su, hava, dəmiryolu nəqliyyatında, avtovağzallarda, limanlarda, metropolitendə və digər strateji obyektlərdə mühafizə gücləndiriləcəkdir.