REGİONLAR
Baytarlıq Laboratoriyası: Bakıda və Xaçmazda aşkarlanan ətlər bakterioloji çirklənməyə məruz qalıb
Bakı, 12 iyun, AZƏRTAC
Bakı şəhərində və Xaçmaz rayonunda aşkar edilən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan ətlərdən götürülən nümunələrdə bakterioloji çirklənmə aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 9-da Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Mercedes-Benz” markalı “31-BE-643” dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin antisanitar vəziyyətdə, daşıma üçün heç bir şəraiti olmayan yük yerində İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus ümumi çəkisi 100 kiloqram olan sümükdən ayrılmış at əti aşkar edilib.
Binəqədi Rayon Polis İdarəsinin müraciətinə əsasən, Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən “Mercedes-Benz” markalı “31-BE-643” dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 2 baş atın sümüksüz ətlərindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə aşkarlanıb. Biokimyəvi müayinələrin nəticəsinə görə, həmin ətlərin öldükdən sonra kəsilmiş at əti olması müəyyən edilib.
Hazırda Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələri Binəqədi Rayon Polis İdarəsinə təqdim ediləcək və müayinənin nəticələrinə müvafiq tədbirlər görüləcək.
Eyni zamanda, iyunun 9-da Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xudat şəhəri, H.Əliyev küçəsi 29B, mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı “10-PE-327” dövlət nömrə nişanlı avtomobilə Xaçmaz rayonu ərazisində baxış keçirilib.
Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kiloqram heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.
Avtomobildə aşkar edilmiş ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasına əsasən yoxlanılan nümunələrdə bakterioloji çirklənmə aşkar edilib. Biokimyəvi müayinənın nəticəsinə görə, həmin ətlərin iribuynuzlu heyvan əti olması müəyyən olunub. Heyvanların kəsimi və daşınması zamanı baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi üçün ətlər bağırsaq çöpləri qrupu bakteriyaları ilə çirklənib.
Laboratoriya müayinələrinin nəticələrinə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.