ELM VƏ TƏHSİL
Baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələri açıqlanmışdır
Bakı, 16 sentyabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələrini elan etmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən namizədlərdən 504 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanmışdır (431 nəfər Azərbaycan bölməsi, 73 nəfər rus bölməsi).
İstiqamətlər üzrə ixtisasların seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) aşağıdakı kimi olmuşdur: plan yerlərinin sayı və namizədlərin imtahandakı nəticələri nəzərə alınaraq sosial gigiyena və səhiyyənin təşkili, gigiyena, mikrobiologiya, laboratoriya işi, genetika və epidemiologiya ixtisaslarını, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin ixtisaslarını seçmək üçün tələb olunan müsabiqə şərtləri baza fənləri üzrə 35 bala, ixtisas fənləri üzrə isə 45 bala endirilmiş, digər ixtisaslar üçün isə müsabiqə şərtləri baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə isə 50 bal tələbi dəyişməmişdir.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınmışdır: baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı; ixtisas fənləri üzrə test imtahanından toplanılan bal.
Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən 23-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar göstərilən müddətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə təhsil müəssisəsinin tibb fakültəsində qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olunmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq qurumlara göndərilməyəcəkdir.