BDU-da Anım Günü qeyd olunub
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə BDU əməkdaşları universitetin 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidəni və şəhid məzunlara həsr olunmuş guşəni ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Universitetin Heydər Əliyev lektoriyasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində mühüm mərhələ olduğunu bildirib. Qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərbi qulluqçuları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə böyük qəhrəmanlıq və şücaət göstəriblər.
Rektor Vətən müharibəsinin xalqın birliyinin, hərbçilərin mərdliyinin və Vətənə bağlılığının nümunəsinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, müharibə yalnız döyüş meydanında deyil, siyasi, diplomatik və informasiya müstəvisində də aparılıb. Elçin Babayev vurğulayıb ki, dövlətimizin başçısının həmin dövrdə beynəlxalq media qurumlarına verdiyi müsahibələrin Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olub. Torpaqların azad edilməsi şəhidlərin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir. Şəhidlərin həyat yolu və Vətən uğrunda fədakarlığı gələcək nəsillər üçün vətənpərvərlik və Vətənə sədaqət örnəyidir.
BDU-nun da Vətən müharibəsi dövründə informasiya cəbhəsində fəal iştirak etdiyini diqqətə çatdıran rektor universitetin professor-müəllim heyəti və tələbələrinin elmi-intellektual potensialı ilə ölkənin informasiya mübarizəsinə dəstək göstərdiyini qeyd edib.
O, Vətən uğrunda döyüşlərdə BDU-nun yüzlərlə məzununun iştirak etdiyini, onlardan 22-nin şəhid olduğunu bildirib. Şəhidlərin xatirəsinin yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının hər kəsin mənəvi borcu olduğunu vurğulayan E.Babayev yüksək səviyyədə təhsil almağın, əldə olunan bilik və bacarıqları ölkənin inkişafına yönəltməyin və məsuliyyətli vətəndaş olmağın Vətənə xidmətin mühüm ifadələri olduğunu deyib.
Tədbirdə Milli Məclisin üzvü Göydəniz Qəhrəmanov, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Məhərrəm Həmidov, BDU-nun Jurnalistika fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı, AZƏRTAC-ın əməkdaşı Elmir Səftərov, həmçinin Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri İlkin Süleymanovun övladı, BDU-nun Filologiya fakültəsinin I kurs tələbəsi Nuray Mahirzadə çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın hərbi-siyasi gücünün və xalqın birliyinin rolu vurğulanıb, şəhidlərin xatirəsinə ehtiram ifadə olunub.
Sonda Azərbaycan Televiziyasının hazırladığı “Tarixin izi ilə: 27 sentyabr - İkinci Qarabağ müharibəsi” sənədli filmi nümayiş etdirilib.