BDU-da “Azərbaycan” auditoriyası açılıb
Bakı, 8 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Azərbaycan” auditoriyası açılıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən rektor Elçin Babayev Ulu Öndər, BDU-nun Tarix fakültəsinin dünyaşöhrətli məzunu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində belə auditoriyanın açılmasının onun əziz xatirəsinə böyük ehtiram olduğunu bildirib. Rektor qeyd edib ki, Ulu Öndərin bütün həyatı, zəngin fəaliyyəti Azərbaycanın inkişafına, güclənməsinə həsr olunub. O, doğma Vətənini, xalqını canından çox sevib. Buna görə də yeni auditoriyanın “Azərbaycan” adlandırılması həm də rəmzi məna daşıyır.
Rektor Elçin Babayev BDU ilə yaşıd olan Tarix fakültəsinin öz uğurlu məzunları ilə daim seçildiyini, yüksəkixtisaslı kadrların hazırlanması üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb. O, “Azərbaycan” auditoriyasının da tədris prosesinə yeni ab-hava gətirəcəyinə, burada müxtəlif görüşlərin, seminarların, ustad dərslərin təşkil olunacağına, BDU məzunlarının uğur hekayələrinin dinləniləcəyinə əminliyini bildirib.
Auditoriyada ilk mühazirəni Milli Məclis sədrinin müavini, BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru Musa Qasımlı deyib. O, Azərbaycanın zəngin və qədim dövlətçilik tarixinin olduğunu, bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün gənc tarixçilərin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb. Daha sonra Azərbaycan dövlətçiliyinin son 200 ildə keçdiyi inkişaf yoluna nəzər salan professor ölkəmizin nail olduğu tarixi Zəfərin iki tarixi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı olduğunu qeyd edib: “Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti göstərir ki, sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri Azərbaycan xalqının başlıca hədəflərinə çatmasının təməlini təşkil edir”.