BDU-da Bilik Günü qeyd olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində 15 Sentyabr - Bilik Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb. Şəhidlərin əziz xatirəsi yad edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor 2023-cü ilin bütün Azərbaycan xalqı üçün əlamətdar olduğunu vurğulayıb: “Xalqımız Ümummilli Lider, müstəqil Azərbaycanın memarı və qurucusu, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin 100 illik yubileyini sevgi və minnətdarlıqla qeyd edir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-da geniş tədbirlər planı hazırlanıb və il ərzində müxtəlif tədbirlər keçirilib. Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoyub. Müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilib, Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirilib. Ölkəmizin ilk və ən böyük universiteti olan BDU 104 ildir ki, xalqımızın maariflənməsi, yüksəkixtisaslı kadrların hazırlanması və Azərbaycan elminin inkişafında əvəzsiz rol oynayır. BDU bu müqəddəs missiyasını, elm və təhsilin inkişafı naminə fəaliyyətini əzmlə davam etdirir. Universitetimiz hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə edilib. Bu gün qürurla söyləyirik ki, Ulu Öndər Heydər Əliyev BDU-nun dünyaşöhrətli məzunu olmaqla yanaşı, hər zaman bu ali təhsil müəssisəsinin xeyirxahı və hamisi olub. Hazırda qüdrətlənən Azərbaycanın səsi dünyanın hər yerindən daha da gur eşidilməkdədir. Hamımız bu məsuliyyəti dərk edərək ölkəmizin gələcəyini birlikdə qurmaq üçün daha da əzmlə çalışmalıyıq”.
Milli Məclisin deputatları - BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, BDU İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev çıxışlarında müəllim və tələbələri Bilik Günü münasibətilə təbrik edib, təhsil həyatlarında uğurlar arzulayıblar.
Sonra 2023-2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanlarında 677.1 bal toplayaraq BDU üzrə ən yüksək nəticəni əldə edən Kubra Həsənzadə (Hüquqşünaslıq) və Nuranə Payızova (Riyaziyyat müəllimliyi) çıxış edərək, tələbələrə xoş arzularını ifadə ediblər.
Tədbir C.Naxçıvanski adına Hərbi Liseyin orkestrinin müşayiəti ilə marş sədaları altında başa çatıb.