BDU-da “Gənclik həftəsi” başa çatıb
Bakı, 19 avqust, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclik həftəsi” layihəsi başa çatıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Layihə tələbə-gənclərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədilə həyata keçirilib.
“Gənclik həftəsi” layihəsinin bağlanış mərasimində çıxış edən BDU-nun TGT sədri Ələkbər Həsənov tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, bugünkü gəncliyin vətənpərvər, sağlam və intellektual ruhda inkişafı üçün bu cür layihələrin davamlı olacağını qeyd edib. Bildirilib ki, “Gənclik həftəsi”ndə 200 tələbə iştirak edib, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif təlimlər, idman oyunları və əyləncəli yarışlar təşkil olunub.
Layihədə fəal iştirakı ilə fərqlənən tələbələrə müxtəlif hədiyyə və sertifikatlar verilib.