ELM VƏ TƏHSİL
BDU-da onlayn elmi seminar: Neft-kimyəvi və üzvi sintezdə nüvə-maqnit rezonansı metodunun rolu
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə “Neft-kimyəvi və üzvi sintezdə NMR (nüvə-maqnit rezonansı) metodunun rolu” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, virtual tədbirdə Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov belə seminarların elmi-tədqiqat işlərinin onlayn formada davam etməsinə töhfə verdiyini bildirib.
Sonra Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov “Neft-kimyəvi və üzvi sintezdə NMR (nüvə-maqnit rezonansı) metodunun rolu” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda NMR üsulunun kəşfi tarixindən, NMR spektroskopiyasının molekulyar sistem haqqında məlumat almağa imkan verməsindən, müvafiq metodun tibdə, neft-kimya sənayesində tətbiqindən danışılıb.
Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov doktorantlar və magistrantları bu cür seminarlarda fəal iştiraka səsləyib, fakültədə geniş elmi-tədqiqat işləri aparıldığını, bu işlərin nəticələrinin dünyanın bir çox nüfuzlu jurnallarında dərc edildiyini vurğulayıb.
Diskussiya formasında davam edən elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.