BDU-da “Zəfər tarixi” lektoriyası açılıb
Bakı, 7 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Zəfər tarixi” lektoriyası açılıb.
Əvvəlcə BDU-nun həyətində hərbi orkestrin ifasında marşlar səsləndirilib. Marş sədaları altında Azərbaycan Bayrağı ilə yürüş edilib.
AZƏRTAC xəbər verir ki, lektoriyanın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev “Zəfər tarixi” lektoriyasının təşkilinin şanlı Qələbə tariximizin öyrənilməsi baxımından xüsusi önəm daşıdığını və 8 Noyabr - Zəfər Gününə böyük töhfələrdən biri olduğunu söyləyib. Azərbaycanın qürurlu günlər yaşadığını deyən rektor vurğulayıb ki, bu şanlı tarixin hər bir anının öyrənilməsi, gələcək nəsillərə çatdırılması ali təhsil müəssisələrinin əsas vəzifələrindən biridir.
Lektoriyanın mərkəzində Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi günlərində fəaliyyətini, çıxışlarını, birinci xanım Mehriban Əliyeva ilə birgə Qarabağa səfərlərini əks etdirən tablo və eksponatlar yer alıb. Lektoriyanın sol tərəfi Vətən müharibəsinin gedişini, Azərbaycanın hərbi və informasiya cəbhəsində uğurlarını əks etdirir, sağ tərəfdə isə Qarabağda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, burada həyata keçirilən beynəlxalq tədbirlərlə bağlı məqamlar işıqlandırılır. Lektoriyanın eksponatları sırasında BDU-nun Vətən müharibəsi günlərində fəaliyyətini əks etdirən və şanlı Zəfərimizə həsr olunmuş nəşrlər də yer alır.
Rektor qeyd edib ki, “Zəfər tarixi” lektoriyasında Azərbaycanın tarixi Qələbəsi ilə bağlı ustad dərsləri, mühazirələr, tədbirlər keçiriləcək, bu istiqamətdə aparılan elmi tədqiqatlar təqdim olunacaq.
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov “Zəfər tarixi” lektoriyasının açılmasının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi rolu olacağını vurğulayıb. Qeyd edilib ki, lektoriya müstəqil Azərbaycan dövlətinin, ordusunun qəhrəmanlıq tarixinin öyrənilməsi sahəsində əsas təbliğat mərkəzlərindən birinə çevriləcək.
Tədbirin sonunda BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi Mais Ağaverdiyev ərəb dilinə tərcümə etdiyi “Vətən müharibəsi tarixi - şəxsiyyət faktoru” kitabını lektoriyaya hədiyyə edib.