ELM VƏ TƏHSİL
BDU Elmi şurasının növbəti iclasında tədris və elmi tədqiqatlara dair hesabatlar dinlənilib
Bakı, 29 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, iclasda BDU-nun rektoru Elçin Babayev universitet kollektivini qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq arzulayıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov 2021-ci ildə BDU-da tədrisin təşkili və təlim texnologiyalarının tətbiqi haqqında hesabat təqdim edib. Bildirilib ki, BDU-da tədrisin idarə edilməsi sadələşdirilərək təkmilləşdirilir. Bu məqsədlə Tədrisin Təşkili və İdarəolunması Mərkəzi yaradılıb. BDU-da 16 fakültə və “SABAH” Mərkəzində ümumilikdə 83 ixtisas üzrə kadr hazırlanır. Universitetin professor-müəllim heyətinin sayı 1359 nəfərdir. Onlardan 238 nəfəri professor, 613 nəfəri dosent, 408 nəfəri isə tədris-köməkçi heyətdir. BDU-da bakalavriat səviyyəsində 21 min 215 tələbə təhsil alır. BDU tələbələrinin 55 nəfəri Prezident təqaüdçüsüdür. Tələbələrdən 4693-ü əlaçı (30 faiz), 5528-i (36 faiz) həvəsləndirici, 5212-si (34 faiz) adi təqaüd alır.
F.İmanov qeyd edib ki, hazırda ənənəvi təlimlə yanaşı, tədris prosesində innovativ metodlar tətbiq olunur və bu metodlar tələbənin intellektual-yaradıcı potensialının istifadəsinə yönəlir.
Sonra BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) 2021-ci il üzrə hesabatı təqdim olunub. İnstitutun direktoru Sədiyar Musayev bildirib ki, ETİ-də Kondensə olunmuş hal fizikası, Nəzəri fizika və Biofizika şöbələri fəaliyyət göstərir. Hesabat ilində elmi-tədqiqat işlərində institutun 64 əməkdaşı iştirak edib. Ötən il ETİ əməkdaşları tərəfindən 130 elmi əsər çap etdirilib, 10 elmi nəticə əldə olunub.
Daha sonra cari məsələlərə baxılıb.