ELM VƏ TƏHSİL
BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə qəbul imtahanı keçirilmişdir
Bakı, 7 iyun (AZƏRTAC, Tərgül Ağayeva). İyunun 7-də Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində bu təhsil ocağına qəbul imtahanı keçirilmişdir.
“Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, 2007-ci ildən fəaliyyət göstərən liseyin şagirdləri respublika və beynəlxalq səviyyəli olimpiadalarda, müsabiqələrdə yüksək nailiyyətlər qazanırlar. İndiyədək 5 buraxılışı olan liseyin məzunları Azərbaycanın və ayrı-ayrı xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul edilmişlər.
Q. Hüseynov demişdir ki, hazırda liseyin 5-ci siniflərinə 80 yer üzrə qəbul aparılır. Müvafiq yerlərə Azərbaycan bölməsi üzrə 496, rus bölməsi üzrə isə 124 nəfər olmaqla, ümumilikdə, 620 şagird sənəd vermişdir. Onlardan 60-ı Azərbaycan, 20-si isə rus bölməsinə qəbul olunacaqdır.
Direktor qəbul imtahanının test üsulu ilə keçirildiyini söyləmişdir. Bildirilmişdir ki, şagirdlərə ana dili və riyaziyyat fənləri üzrə, ümumilikdə, 60 test tapşırığı təqdim olunmuşdur. İmtahanın suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılmışdır.