REGİONLAR
BDU-nun Qazax filialının tələbələri Gəncə Uşaq Evinə baş çəkiblər
Qazax, 25 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri nəcib təşəbbüslə çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tələbələr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Gəncə Uşaq Evinə baş çəkib, burada təlim-tərbiyə alan uşaqlarla görüşüblər.
Uşaq Evinin direktoru Nazilə İsmayılova bildirib ki, əsas vəzifəsi kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara təhsil və təlim-tərbiyə verməkdən, cəmiyyətə şüurlu, fəal, fədakar gənclər yetişdirməkdən ibarət olan müəssisədə 3-18 yaş arası 67 uşaq yaşayır. 1997-ci ildən fəaliyyət göstərən Gəncə Uşaq Evi 2012-ci ildə əsaslı təmir olunub. İkimərtəbəli binada yataq otağı, psixoloq, həkim, kompüter, iş və istirahət otaqları, mətbəx və yeməkxana, akt və böyük idman zalları var. N.İsmayılova dövlətin diqqət və qayğısından söz açaraq, Uşaq Evinin 8 məzununun Abşeron rayonu Masazır qəsəbəsində inşa edilmiş “Məzun evi”ndə 1 otaqlı mənzillə təmin olunduğunu da deyib.
Tələbələr Uşaq Evindəki şəraitlə tanış olduqdan sonra müəssisənin azyaşlı sakinləri ilə görüşüblər. Balacalarla söhbət edən gənclər onların Uşaq Evindəki yaşayışı, təhsili ilə maraqlanıblar. Tələbələrlə səmimi söhbət edən uşaqlar istək və arzularını bölüşüb, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışıblar. Uşaqları dinləyən tələbələr onlara yaxşı oxumağı tövsiyə edib, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğulayıblar.
Sonra Uşaq Evinin akt zalında tələbələr uşaqların qarşısında maraqlı əyləncəli proqramla çıxış ediblər. Şaxta baba və Qar qız uşaqları salamladıqdan sonra körpələrə kiçik səhnəciklər göstərilib. Musiqi sədaları altında tələbələr uşaqlarla rəqs edib, onları əyləndiriblər. Əyləncəli viktorina uşaqların xoşuna gəlib.
Sonda tələbələr uşaqlara bayram hədiyyələri veriblər.