ELM VƏ TƏHSİL
BDU: Tarix fakültəsində dörd ixtisas üzrə mütəxəssislər hazırlanır
Bakı, 20 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 4 ixtisas üzrə mütəxəssislər hazırlanır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültədə 3 elmi-tədqiqat laboratoriyası, Arxeologiya və etnoqrafiya, Asiya və Afrika ölkələri tarixi, Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Mənbəşünaslıq, tarixşünasliq və metodikası, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, Qədim dünya və orta əsrlər tarixi, Slavyan ölkələri tarixi, Türk xalqları tarixi, Qafqaz xalqları tarixi kafedraları fəaliyyət göstərir.
Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar.
Fakültədə tarix, tarix müəllimliyi, regionşünaslıq (Qafqaz), regionşünaslıq (Amerika) üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Tarix ixtisası üzrə məzunlar əldə etdikləri bilik və bacarıqlara əsasən müxtəlif dövlət orqanlarında, dövlət və özəl təşkilatlarda çalışa bilərlər. Tarix müəllimliyi üzrə təhsil almış məzunlar ali və orta məktəblərdə pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Regionşünaslıq ixtisaslarını bitirənlər səfirliklərdə işləyə bilər, eyni zamanda, ölkəmizi beynəlxalq təşkilatlarda diplomat kimi təmsil edə bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.