MƏDƏNİYYƏT
Bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 5-də Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor, Əməkdar Artist Müxlis Cənizadənin anadan olmasının 85-ci ildönümü münasibətilə təşkil edilmiş “Hər şeydən yüksəkdir sözün məqamı” bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət bildirmişdir ki, müsabiqənin əsas məqsədi milli mədəniyyət sahəsində gedən yaradıcılıq proseslərini fəallaşdırmaq, gənclər arasında bədii qiraətə marağı artırmaq, onların yaradıcılıq imkanlarını genişləndirmək, yeni istedadları üzə çıxarmaq, dünya mədəniyyətinə inteqrasiya etməkdir.
Vurğulanmışdır ki, Azərbaycan teatr sənətində qiraət böyük yer tutur. Müsabiqəyə qatılan iştirakçılar arasında yaş məhdudiyyəti qoyulmamış və yarışmaya gənclərlə yanaşı, yaşlı aktyorlar da qoşulmuşlar. İştirakçıların arasından qalibləri müəyyənləşdirmək üçün münsiflər heyəti yaradılmışdır. Münsiflər heyətinin sədri Xalq Artisti Əminə Yusifqızı olmuşdur.
Daha sonra respublikamızda fəaliyyət göstərən müxtəlif teatrlardan müsabiqəyə qoşulan iştirakçılar arasından seçilmiş qaliblərə diplomlar təqdim edilmişdir.