SİYASƏT
Bəhreyn qəzeti: Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması sülhə və sabitliyə töhfə verir
Bakı, 7 may, AZƏRTAC
Bəhreyn Krallığının “The Daily Tribune. News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin “Gələcəkdə sülh və sabitliyi təmin etmək üçün qurulan nəzarət-buraxılış məntəqəsi” sərlövhəli geniş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Cənubi Qafqaz regionunun zəngin ehtiyatlara malik olan Mərkəzi Asiya ilə Avropa iqtisadiyyatı arasında mühüm coğrafi kəsişmə məkanı olduğu, bu baxımdan Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün bütün Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra tarixin keçmişdə qalmış vərəqini çevirməyin, düşmənçiliyə son qoymağın və münasibətləri beynəlxalq hüquq müstəvisində normallaşdırmağın zamanı gəlib çatıb. Bu kontekstdə Qərb ölkələri Bakının konstruktiv təkliflərinə daha həssas yanaşmalıdır.
Yazıda qeyd edilib ki, Ermənistan və erməni diasporunun, habelə onların Qərbdəki havadarlarının regionda yaranmış yeni reallıqlar fonunda baş verən hadisələri təhrif etməsi, Azərbaycanın ədalətli mövqeyinə ikili standartlar prizmasından yanaşması təəssüf doğurur. Laçın-Xankəndi yolu haqqında yayılan yanlış xəbərlər, Azərbaycanın ekofəallarının keçirdiyi aksiya və Qarabağda yaşayan ermənilərin guya blokadaya alınması barədə məlumatlar bunun bariz nümunəsidir. Nəzərə almaq lazımdır ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün silahlı hərbi birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı idi. Bunun əvəzinə, İrəvan Laçın yolu ilə həmin əraziyə silah-sursat və minalar, silahlı dəstələr göndərir.
Məqalədə qeyd olunub ki, ötən əsrin 90-cı illərində - Birinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti aparıb, Qarabağda 800 mindən çox dinc azərbaycanlı sakin öz doğma yurdlarından didərgin salınıb. İndi erməni təbliğatının apardığı saxta təbliğatın heç bir əsası yoxdur. Belə ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin bütün hüquqlarını təmin edəcəyini bildirir, eyni zamanda, onların Laçın-Xankəndi yolu ilə təhlükəsiz gediş-gəlişini təmin edir. Bakı, həmçinin Qırmızı Xaç Cəmiyyətinin həmin yol ilə sərbəst hərəkətinə imkan yaradıb.
Müəllif diqqətə çatdırıb ki, erməni millətçilərinin etnik təmizləmə siyasəti nəticəsində ötən əsrin 90-cı illərinin əvvəlində indiki Ermənistan ərazisində yaşayan 250 minə yaxın azərbaycanlı da qaçqın düşüb, əslində, tarixən Qərbi Azərbaycan torpaqları olan həmin ərazilərdə qəbiristanlıqlar dağıdılıb, tarixi abidələr məhv edilib.
Sonda vurğulanıb ki, İrəvan regionda sülhün bərqərar olması üçün təxribatlara son qoymalı, Qarabağ ermənilərindən hakimiyyət oyunlarında bir alət kimi istifadə etmək siyasətindən əl çəkməlidir. Yalnız dayanıqlı sülhə nail olmaq istiqamətində atılacaq konstruktiv addımlar Ermənistanı gələcək fəlakətlərdən xilas edə bilər.