SİYASƏT
BELARUS AZƏRBAYCANLA REGİONAL ƏMƏKDAŞLIĞA TƏRƏFDARDIR
Bakı, 12 dekabr (AZƏRTAC). Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviç 2009-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirmişdir ki, Belarus Azərbaycanla regional münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Səfir qeyd etmişdir ki, bu il regional əməkdaşlıq çərçivəsində Azərbaycana 5 səfər təşkil edilmişdir. Minsk vilayətinin rəhbəri də Azərbaycanda səfərdə olmuşdur. Belarusun regionları Azərbaycanın Bakı, Sumqayıt şəhərləri və Xaçmaz, İsmayıllı, Göyçay, Şəki rayonları ilə əməkdaşlıq barədə sazişlər imzalamışlar. Naxçıvan Muxtar Respublikası və Samux rayonu ilə sazişin imzalanması imkanları nəzərdən keçirilir.
Konkret işlərə gəldikdə, Gəncədə Belarus avtomobilləri istehsalı, kənd təsərrüfatı texnikası yığılması qaydaya salınmışdır. Gəncədə istehsal olunacaq kənd təsərrüfatı texnikası növləri nəzərdən keçirilməkdədir.
Gəncə Aqrar Universiteti bazasında Belarus texnikası istehsalı üçün mütəxəssislərin hazırlanması üzrə laboratoriya yaradılması barədə müqavilə imzalanmışdır. Həmin laboratoriya Minsk traktor zavodunun hesabına yaradılacaqdır.
Gələn il Mogilyov lift-maşınqayırma müəssisəsi Azərbaycanda liftlərin dəyişdirilməsi proqramında iştirak edəcəkdir. Həmin müəssisə Azərbaycana gətiriləcək texnikaya servis xidməti sistemi ilə də məşğul olacaqdır.
Nikolay Patskeviç hesab edir ki, bu, Azərbaycan və Belarus arasında regional əməkdaşlığın yalnız başlanğıcıdır.