DÜNYA
Belarus MSK parlament seçkilərinin xüsusiyyətləri barədə ətraflı məlumat verib
Bakı, 17 avqust, AZƏRTAC
MDB Parlamentlərarası Assambleyasının Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilərin uzunmüddətli monitorinqini aparacaq beynəlxalq müşahidəçilər qrupu Minskə gəlib. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə məlumat MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının saytında yerləşdirilib.
Beynəlxalq müşahidəçilər qrupunun üzvləri Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina ilə görüşüblər. Müşahidəçilər qrupun yaradılması prosesi, uzunmüddətli və qısamüddətli müşahidə dövrlərində onun fəaliyyət planları barədə məlumat veriblər.
Seçki kampaniyasının xüsusiyyətlərindən, o cümlədən deputatlığa namizədlərin irəli sürülməsi prosesindən və təşviqat kampaniyasından danışan L.Yermoşina Vitebsk regionuna səfər ərəfəsində monitorinq iştirakçılarına seçkiqabağı təşviqatın aparılması üçün yerlərin hazırlanması ilə diqqətlə tanış olmağı tövsiyə edib.
MSK-nın katibi Nikolay Lozovik müşahidəçilərin iştirakı ilə reytinq səsvermələri əsasında ərazi, dairə və məntəqə seçki komissiyalarının təşkili, habelə seçkilərin şəffaflığının və aşkarlığının artmasına yönələn seçki prosedurlarına dəyişikliklər barədə ətraflı məlumat verib.
M.Lozovik xüsusi vurğulayıb ki, müşahidəçilər məntəqə seçki komissiyalarında bülletenlərin hesablaması prosesini tam müşahidə edə biləcəklər.
Hazırda Belarusda seçkilərin monitorinqinə MDB-nin Parlamentlərarası Assambleyasından 33, bütövlükdə Birlik ölkələrindən 268 müşahidəçi akkreditə olunub.
Nümayəndələr Palatasına seçkilər sentyabrın 11-də keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk