SİYASƏT
Belarusun “Azərbaycan İcmaları Konqresi” gənclər bölməsinin nümayəndələri Borisov uşaq evinin yetirmələrinə baş çəkmişlər
Bakı, 29 mart (AZƏRTAC). Belarusun “Azərbaycan İcmaları Konqresi” gənclər bölməsinin nümayəndələri Borisov şəhərindəki uşaq evinin yetirmələrinə baş çəkmişlər. Gənclər təşkilatının qüvvəsi ilə toplanan uşaq paltarları, gigiyena vasitələri, uşaq yeməkləri, meyvə və şirniyyat, DVD cihazları, rəsmlər və s. uşaq evinə hədiyyə verilmişdir.
Belarusun “Azərbaycan İcmaları Konqresinin” gənclər bölməsinin nümayəndəliyində AZƏRTAC-a bildirmişlər ki, bütün uşaqlara Azərbaycanın rəmzi olan suvenirlər bağışlamışlar.
Uşaq evinin tərbiyəçiləri bəzi uşaqların taleyindən söhbət açmış, uşaq evi yetirmələrinin necə şəraitdə yaşadıqlarını qonaqlara göstərmişlər.
Belarusun “Azərbaycan İcmaları Konqresinin” gənclər bölməsi yetim uşaqlara daim kömək etməyi, müntəzəm olaraq bu uşaq evinə baş çəkməyi qərara almışdır. Uşaq evinin yetirmələri və tərbiyəçiləri göstərilən yardıma görə Azərbaycan gənclərinə minnətdarlıqlarını bildirmişlər.